Çempionlar Liqasında ¼ finalın daha bir cavab görüşü Almaniyada keçiriləcək. “Bavariya” ilk oyunda minimal hesabla uduzduğu “Vilyarreal”la qarşılaşacaq. Hər iki komanda oyuna hazırlıqları tamamlayıblar. İspaniya təmsilçisi Alberto Morenonun köməyindən yararlana bilməyəcək. “Bavariya”nın heyətində isə Korentin Tolisso, Niklas Süle və Buna Sar zədə səbəbindənn görüşdə iştirak etməyəcəklər. Münhen klubunun baş məşqçisi Yulian Nagelsman oyun barədə fikirlərini bildirib. Almaniyalı mütəxəssis futbolçularını brilyanta bənzədib:
“Bilirsiniz ki, brillyantlar çox yüksək təzyiq altında ərsəyə gəlir. Futbolda da belədir. Oyunçular üzrərində nə qədər təzyiq olarsa, nəticə də istənilən kimi alınar. Bu amil onların daha məsuliyyətlə çıxış etməsinə də şərait yaradacaq. İlk görüşdə xeyli səhv etdik. Onlar daha çox qol vura bilərdilər. Yerli azarkeşlər önündə pis oynayacağımızı düşünmürəm. Mərhələnin keçəcəyimizə inanıram”.
“Vilyarreal”ın baş məşqçisi Unay Emeri rəqibin üstün cəhətlərini vurğulayıb:
“Təbii ki, İspaniyada qazanılan qələbə mərhələnin taleyini həll etmir. “Bavariya” doğma meydanda hər zaman yüksək səviyyədə çıxış edir. Levandovski kimi hücumçuya sahib olmaları hər an təhlükə ilə üz-üzə olacağımızı göstərir. Rəqibə hörmətlə yanaşırıq. Amma ilk matçdakı nəticəni də yaxşılaşdırmağa çalışacağıq”.
Qeyd edək ki, “Bavariya” – “VilyarreaL” görüşü saat 23:00-da start götürəcək. Oyunu sloveniyalı Slavko Vinçiçin başçılıq etdiyi hakimlər briqadası idarə edəcək.